XƏBƏRLƏR
Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illik yubileyi qeyd edilmişdir
Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 illik yubileyi və YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyi tamam olur. Bu əlamətdar günlərin qeyd edilməsi çərçivəsində yerli və beynəlxalq ekspert və alimlərin iştirakı ilə 13-14 iyun tarixlərində “Qobustan – Mədəniyyətlərin qovşağında qayaüstü İncəsənət” adlı Beynəlxalq konfrans keçirilmişdir.Rəsmi açılış mərasimi 13 iyun saat 10.00-da “Rəsmi Qəbullar Sarayı”nda (Səadət Sarayı) baş tutan konfransda Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi və beynəlxalq elmi-əməkdaşlıq çərçivəsində Qobustan qoruğunun əməkdaşları tərəfindən apardığı sahəvi tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatı həyata keçirilmişdir. Layihəyə əsasən ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunmuş və yeni qayaüstü təsvirlər aşkar olunmuşdur. Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açmışdır.
Həmin gün, Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Milli tarix-bədii qoruğunda təntənəli yubiley tədbiri keçirilmişdir.
Azərbaycan insan yaranandan bu günədək bəşər tarixinin bütün dövrlərinə aid tarixi-arxeoloji abidələrlə zəngin bir ölkədir. Qobustan – insanın ilk yaranma ocaqlarından biridir.
İlk dəfə olaraq 1939-cu ilin baharında görkəmli arxeoloq İshaq Cəfərzadə Cingirdağ-Yazılıtəpə ərazisində qayaüstü təsvirləri qeydə almış və bununla da Azərbaycan tarixində, mədəniyyətində əvəzsiz yeri olan Qobustan abidələri elm aləminə təqdim olunmuşdur.
XX əsrin 60-ci illərindən İ.Cəfərzadənin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən uğurla davam etdirilmişdir. Keçən bu müddət ərzində Qobustan təkcə yerli alimlərin deyil, həmçinin xarici arxeoloqların, elm adamlarının daim görmək və tədqiqatlarında iştirak etmək istədiyləri qayaüstü təsvir mərkəzlərindən birinə çevrilmişdir.
Üst paleolitdən (qədim daş dövrü) Son Orta Əsrlərədək olan dövrü əhatə edən Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Qayalarda kişi və qadın, vəhşi öküz, keçi, maral, şir, vəhşi ceyran, at, it, canavar, donuz təsvirlərinə rast gəlmək olar. Həmçinin, atlı və piyada ov səhnələri, döyüş səhnələri, kollektiv əmək səhnələri, qurban kəsmə, biçin səhnələri qeydə alınmışdır. Müasir Azərbaycan xalq rəqsi olan «Yallı»nı xatırladan tək və qrup halında mərasim rəqslərinə təsadüf olunur.
Bundan əlavə, ərazidə Azərbaycanın orta əsrlər tarixinin müxtəlif dövrlərinə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılar və I əsrin sonunda XII ildırımsürətli Roma legionunun burada olmasını təsdiq edən qədim Roma yazısı vardır.
Cingirdağın şimal-şərq ətəyində yerləşən və «Qavaldaş» adlanan daş çox böyük maraq kəsb edir. Ehtimal olunur ki, bu səsli daşdan mərasim rəqslərinin yerinə yetirilməsində primitiv zərb musiqi aləti kimi istifadə olunurdu.
Qobustan qaya rəsmlərinin, mədəni landşaftının qorunması, tədqiqi və təbliği məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 503 nömrəli 09 sentyabr 1966-cı il tarixli Qərarı ilə Qobustan Dövlət tarix-bədii qoruğu yaradılmış və 1967-ci ildən fəaliyyətə başlamışdır.