XƏBƏRLƏR

2018-11-14

Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar

Slovakiya nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 14-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

Slovakiya Baş nazirinin müavini və maliyyə naziri Peter Kazimirin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıblar.

Qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıblar.

2018-11-07

Qobustan kurqanları

Qobustanda yaşayış məskənləri ilə yanaşı müxtəlif tipli qəbir abidələri, xüsusilə çoxsaylı kurqanlar arxeoloji qazıntılar vasitəsilə öyrənilmişdir. 1960-cı illərdən arxeoloq Firuzə Muradova Qobustan ərazisində 40-a qədər kurqan aşkar etmiş və araşdırmışdır. Tunc dövründə yaradılan bu kurqanlarda güman ki, yerli tayfaların əyanlarını və ya cəmiyyətdə sosial statusuna görə fərqlənən digər insanları dəfn edirdilər. Kurqanlar müxtəlif daş, taxta və qum qatlardan hazırlanan dairəvi qəbirlərdir. Bir qayda olaraq kurqanların mərkəzində daş lövhələrdən hazırlanmış qəbir var. Qəbirdə dəfn edilən insan qalıqları olurdu. Bəzən mərhumun yanında saxsı qablar, metal əşyalar və heyvanlar da basdırılırdı.

Qobustan kurqanları üçün təsvirli daşların aşkar olunması xarakterikdir. Daş plitələr üzərində əsasən heyvan təsvirləri və geometrik işarələrə rast gəlinir. Ölüləri kurqanda basdıran və petroqlifləri yaradan insanlar, çox güman ki, Qobustan ərazisində yaşayan köçərilər idi.

2018-11-05

Qobustan Milli Tarix - Bədii Qoruğu Orta Asiya ölkələri ilə yeni layihə üzərində işləyir

Bakı, 2 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Qobustan qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qobustan Milli Tarix - Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

O qeyd edib ki, UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini , administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır.

Müsahibimiz əlavə edib ki, bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür.

“Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin, qoruğa Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır. Yəni bu coğrafiyada yerləşən dövlətlərlə qarşılıqlı səfərlər təşkil olunacaq, bir yerdə elmi tədqiqat işləri aparılacaq, Qobustanla bu abidələrin ortaq xüsusiyyətlərini müəyyən edib kitab şəklində çap edəcəyik”, - deyə o vurğulayıb.

2018-11-03

Qobustan - tarixin qoruğu və ya başlanğıcın əvvəli...

İtaliyalı tədqiqatçılar Qobustanda elmi tədqiqat işləri aparmaq üçün qoruq rəhbərliyinə müraciət edib

 

Bakı, 3 noyabr, AZƏRTAC

Buradakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişindən danışır, ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Daşlarının tarixi bəlli olmasa da, Qobustan Milli Bədii-Tarix Qoruğunun yaşı bəllidir. Burada tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966–cı ildə bu məkana qoruq statusu verilib. Bu gün ölkəmizə gələn turistlərin üz tutduğu yerlərdən biri də Qobustan Milli Bədii-Tarix Qoruğudur. Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək üçün yolumuzu dəqiq tarixi hələ də bilinməyən Mesopotamiyadan da daha qədim olan Qobustan abidələrindən saldıq. Bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olduqda tariximizin qədimliyinin bir daha şahidi olduq. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlə dolu bir dünyanın içində olub heyrətlənməmək mümkün deyil. Bu möcüzəli dünya ilə yaxından tanış olmaq üçün qoruğu qarış-qarış dolaşdıq, fürsət tapıb qoruğun direktoru Vüqar İsayevlə də həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir:

-Vüqar müəllim, hazırda qoruğun ərazisində yaradılmış muzeydə nə qədər maddi mədəniyyət nümunələri mövcuddur?

-Qobustanı geniş ictimaiyyət daha çox müasir muzeyi və Böyükdaş dağındakı yaşayış yerləri, təsvirləri və Qavaldaşı ilə tanıyır. Lakin Qobustan arxeoloji, tarixi və mədəni bir abidə kimi çox zəngindir. 1966-cı ildə yaradılmış qoruğun əsas vəzifəsi buradakı abidələrin qorunması və elmi tədqiqatlar vasitəsilə öyrənilməsidir. Düzdür, bu abidələrin ölkə ictimaiyyətinə və beynəlxalq aləmdə təbliği də mühüm əhəmiyyət kəsb edir. Ancaq qoruq olaraq bizim bir nömrəli vəzifəmiz abidələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasıdır.

Qobustan qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları ərazilərində Üst Paleolit dövrünün sonundan orta əsrlərədək olan dövrü əhatə edən, təxminən 20 min il ərzində yaradılmış, 1031 qaya üzərində 6300-dən çox təsvir qeydə alınıb. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20 yaşayış məskəni və 40 kurqan aşkar edilib. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda Qoruğun fondlarında qorunmaqdadır. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur.

- Qoruq ərazisində elmi tədqiqat işləri hansı səviyyədə aparılır?

-Yuxarıda qeyd etdiyim kimi qoruq olaraq bizim ən vacib vəzifələrimizdən biri də qoruq ərazisindəki abidələrin sistemli şəkildə öyrənilməsidir. Vaxtilə Qobustanda İshaq Cəfərzadə, Cəfərqulu Rüstəmov kimi alimlərin rəhbərliyi ilə elmi tədqiqat işləri aparılıb. İndi isə qoruğa gələn turistlərin görmədiyi ancaq bizim işimizin çox vacib hissəsini təşkil edən elmi tədqiqatla qoruğun elmi işçiləri məşğul olur. Lakin qoruqda aparılan elmi tədqiqat işləri daim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tövsiyələri nəzərə alınmaqla aparılır. Lazım gəldikdə mütəxəssislər cəlb olunur. Hazırda 2016-cı ildən icrasına başlanılmış “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir. İlkin olaraq, 2016-cı ildən başlayaraq Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirilməsinə başlanılıb. Müfəssəl sənədləşdirmə üçün bütün panellərin fotosu çəkilmiş, 3D modeli düzəldilmiş, qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş, rəqəmsal eskizləri hazırlanmışdır.

Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar edilmişdir. Yeni aşkar olunmuş təsvirlər və ümumiyyətlə Cingirdağ-Yazılıtəpə sahəsinin qayaüstü təsvirləri haqqında müfəssəl məlumat hazırlanmaqda olan kataloqda öz əksini tapacaq. Yeni aşkar olunmuş təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan keçi, maral, şir təsvirləri və müxtəlif abstrakt işarələr, damğalar, araba təsvirləridir. Bundan əlavə, qoruğun sərhədlərindən kənarda, Cingirdağ ərazisində yerli əhalinin “Sona qaya” adlandırdığı qayalıqda, kompleks halda 29 daşda 100-dən artıq xətlərlə bir-birinə birləşdirilmiş yalaqlar, damğalar və abstrakt qayaüstü işarə və simvollar aşkar olunub. Qobustanın digər kompleks abidələrindən fərqli olaraq “Sona qaya”da bir maral təsvirini çıxmaq şərti ilə zoomorf və antropomorf qayaüstü təsvirlərə rast gəlinmir. İlkin mülahizələrə görə, bu ərazi tunc dövründən orta əsrlərədək yerli əhalinin sakral dini ayinləri həyata keçirdiyi ibadət məkanı olub.

- Qoruqda turizmin inkişafı və turist marşrutlarının müəyyən edilməsi istiqamətində hansı işlər görülüb?

-Bildiyiniz kimi, Qobustan qoruğunun ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Məhz ölkə başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi səyləri nəticəsində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğunu və əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qoruğa Milli Qoruq statusu verilib. Ölkə başçısının digər müvafiq Sərəncamı əsasında qoruğun yeni binası və müasir texnologiyalarla təchiz edilmiş yeni muzey istifadəyə verilib. Məhz bu sərəncamların nəticəsində qoruğun Böyükdaş dağı ərazisində turizm fəaliyyətinin göstərilməsi üçün infrastruktur yaradılıb. Hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

-Ölkəmizə gələn turistlərin üz tutduğu məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğudur. Turistlərin say baxımından bu il ötən illərdən necə fərqlənir?

-Statistikaya nəzər salsaq görərik ki, Qobustanın UNESCO Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və 2007-ci ildə Prezident İlham Əliyevin Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artır. Bu il də bu tendensiya təkrarlanmaqdadır.

-Bu il ən çox hansı ölkələrdən olan turistlər üstünlük təşkil edib?

-Son illər ölkəmizə, həmçinin Qobustana gələn turistlərin sayı artıb. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən – Rusiya, Türkiyə, İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi.

- Ölkəmizə səfərə gələn rəsmi şəxslərin üz tutduğu məkanlardan biri də buradır. Onlar tanışlıq zamanı təəssüratlarını necə bölüşür...

-Doğrudur, tez-tez yüksək səviyyəli rəsmi qonaqlarımız olur. Hamı kimi onlarda da Qobustanın unikallığı və özünəməxsus aurası müsbət təəssürat yaradır. Bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə, Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır. Qobustanın keçmişi, buradakı abidələr bizim tarixi keçmişimizi əks etdirirsə, onun öyrənilməsi, qorunması, təqdim olunma səviyyəsi qonaqlara bu günümüz haqqında məlumat verir. Ona görə də biz öz işimizi görərkən bəşəriyyətin ən unikal abidələrindən birinin qorunmasına cavabdeh olduğumuzu və öz dövlətimizi, xalqımızı təmsil etdiyimizi həmişə xatırlayırıq.

Onu deyə bilərəm ki, ixtisasından, maraq dairəsindən asılı olmayaraq bütün qonaqlar Qobustanı müsbət emosiyalarla tərk edirlər. Bəzən Qobustanda qayaüstü rəsmlərin qorunması və təqdimatına yanaşmanı öz ölkələrində də tətbiq etmək istədiklərini bildirənlər olur.

-Qoruq beynəlxalq əməkdaşlığını necə qurub?

-Qobustan qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu, bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir. UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini, administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür.

Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin qoruğa Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır. Yəni, bu coğrafiyada yerləşən dövlətlərlə qarşılıqlı səfərlər təşkil olunacaq, bir yerdə elmi tədqiqat işləri aparılacaq, Qobustanla bu abidələrin ortaq xüsusiyyətlərini müəyyən edib kitab şəklində çap edəcəyik.

-Növbəti illərdə rəhbəri olduğunuz qurumun fəaliyyət istiqamətlərindən danışardınız...

-Biz daim qoruq ərazisində yerləşən abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində yenilikləri öyrənmək və Qobustanda tətbiq etmək niyyətindəyik. Qobustanda mövcud infrastrukturun qorunması və yeni infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Qoruq ərazisində turistlərin daha keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün müxtəlif iaşə obyektlərinin, həmçinin yaşıllıqların yaradılması planlaşdırılır. Bundan əlavə, elmi tədqiqatların davam etdirilməsi və qoruğun bütün abidələrini əhatə edən rəqəmsal məlumat bazasının yaradılması prioritet istiqamətlərdən biridir.

-Sonda oxucularımıza nə demək istərdiniz?

-İnsanlığın ilk incəsənət nümunələrini, tarixi keçmişimizi və Qobustanın bu gününü görmək üçün bütün vətəndaşlarımızı və ölkəmizin qonaqlarını Qobustana dəvət edirəm.

-Maraqlı müsahibə üçün sağ olun.

 

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

2018-11-02

Vüqar İsayev: Bu il Qobustan qoruğuna Rusiya, Türkiyə və İrandan gələn turistlər üstünlük təşkil edib

Bakı, 1 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda Qoruğun fondlarında qorunmaqdadır. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev söyləyib.

Müsahibimiz bildirib ki, hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

Qoruğun turistlər üçün daha da əlverişli məkanlardan biri olduğunu deyən V. İsayev söyləyib: “Qobustanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və dövlət başçımızın Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artmaqdadır. Bu il də bu tendensiya təkrarlanmaqdadır. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən – Rusiya, Türkiyə və İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.

2018-11-01

İtaliyalı tədqiqatçılar Qobustanda elmi tədqiqat aparmaq üçün qoruq rəhbərliyinə müraciət edib

Bakı, 1 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qoruğun direktoru Vüqar İsayev deyib.

O bildirib ki, UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir.

“Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini , administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür. Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin, qoruqda Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır”, - deyə V. İsayev söyləyib.

2018-11-01

Qavaldaş

Qobustanda maraq doğuran qədim abidələrdən biri qədim musiqi aləti-Qavaldaşdır. İshaq Cəfərzadənin (Qobustan abidələrini aşkar edən və ilk tədqiqatçısı, arxeoloq) əsərlərində onun adı «Qavalçalan daş» deyə çəkilir. Bu təsadüfi deyil, çünki həmin abidə yerli maldarlara ata-babadan bu ad altında məlum olmuş və yaddaşlardan silinməmişdir.

Daşdan bu cür qədim musiqi aləti Qobustanda iki ədəddir. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Cingirdağ - Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. İkinci Qavaldaş Böyükdaş dağının şimal-şərq ətəyində yastı və nəhəng qaya parçasıdır. O bir (qərb) yanını torpaq örtmüş sal qayanın üstündədir. Qavaldaşın şimal ucu 50 sm-dən çox yuxarı qaldırılıb və daşın ortasına yaxın yerdə altına balaca bir daş atılmışdır. Beləliklə, Qavaldaşın cənub ucu altına atılmış daşın üstündə olmaqla bütövlükdə havada qalmışdır.

Qavaldaşların hər biri görkəmcə ətrafda olln minlərlə qaya parçalarından o qədər də fərqlənmir. Bəs niyə yalnız bunlar, göstərilən iki daş musiqi aləti sayılır? Bunun səbəbi həmin daşların müxtəlif sahələrinə xırda daşlarla zərbə endirməklə alınan müxtəlif tonlu, metal cingiltili səslərdir.  Bu daşlarda zərb alətlərində ifa edilən musiqi nömrələrini səsləndirmək mümkündür.

Qavaldaşın səs çıxarmasının sirri çox sadədir - onun hava yastığı üzərinə qaldırılmasındadır. Quru, yüngül, özündən altdakı daş və qaya üzərinə iki nöqtədə toxunan və beləliklə bir növ havada qalmış təbəqəvari yastı əhəngdaşına kiçik daşla zərbə vurduqda qalınlığından və nazikliyindən, böyük və kiçikliyindən, zərbənin daşın qalın və ya nazik hissəsinə, vurulmasından asılı olaraq müxtəlif tonlu, istənilən ahəngli səslər alınır. Hətta, yalın əllə də Qavaldaşa ötəri bir zərbə vurduqda onun içərisindən gələn zümzümə bir dəqiqə kəsilmir.

Qavaldaşdan musiqi aləti kimi istifadə etmiş babalarımızdan heç kəs zəmanəmizə qədər yaşamayıb, o dövrdə yazı da olmayıb, yazılı sənəd də yoxdur. Bəs alimlər necə biliblər ki, bu daşlar musiqi alətidir?

Qavaldaş» necə tapılmış, onun musiqi aləti olduğu necə müəyyənləşdirilmişdir?  Qobustanın tədqiqatçısı, arxeoloq Cəfərqulu Rüstəmov “Qobustan Dünyası” kitabında yazır:

-         “Bu haqda İshaq müəllim   belə nəql edirdi ki, 1947-ci ildə axtarışda olarkən bir dəfə, yazın istisində yorulub Cingirdağ zonasında yaxınlıqdakı çoban dəyələrinə yaxınlaşıb su istəyir. Onu yorulmuş görüb alaçığa dəvət edirlər, körəməz verirlər, içir, sonra oturub bir qədər dincəlmək istəyir. Düşərgədəkilər onun başına yığışıb işi ilə    maraqlanırlar, söhbət edirlər. Bir azdan çobanların briqadiri yolda görünür (o düşərgədə yox imiş) və yaxınlaşıb toğlu sürüsünün yerini - harada olduğunu soruşur. Çobanlardan biri cavab verir ki, «Qaval çalan daşın» yanındadır. İshaq müəllim bu cümləni tutur və soruşur: «Sürü haradadır dediniz?» Çoban cavab verir ki, «Qaval çalan daşın yanındadır». İshaq müəllimi maraq götürür, çobanları o daş haqda sorğu-suala tutur. Deyirlər ki, bəli, Cingirdağın şimal-şərq ətəyində belə bir daş var ki, qaval kimi səslənir. Onu nağara kimi çalıb səsləndirmək olur. İshaq müəllim xahiş edir ki, daşı ona göstərsinlər. Bir nəfər gedib daşı göstərir. İshaq müəllim deyirdi ki, çoban daşı çaldı və daşdan elə bir məlahətli səs qopdu ki, az qalmışdı mən özüm də oynayam. Bir də deyirdi ki, mən maldarların çoxundan, qocasından da cavanından da soruşanda ki: «Siz nə bildiniz ki, bu daş nağara kimi səs çıxarır və ona «Qaval çalan daş» adını kim verib? Hamısı çiyinlərini çəkib deyirdilər: «Nə bilim ata-babadan gözümüzü açandan onu «Qaval çalan daş» deyə eşidib tanımışıq». Böyükdaş dağındakı 2 №-li Qavaldaş isə sonralar aşkar edilib qeydə alınmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, özündən altdakı qayaya-daşa az toxunmaqla bir növ havada qalmış hər hansı yastı və iri əhəng daşı parçası müəyyən ölçüdə səs çıxarır. Biz belələrinə çox rast gəlmişik. Lakin bu daşların yeri, vəziyyəti, duruşu və s. qədim insanlar tərəfindən onların musiqi aləti kimi istifadə edilməsi haqda fikir söyləməyə haqq vermir. Böyükdaş dağındakı Qavaldaşın qaldırılıb altına daş qoyulmaqla, xüsusi olaraq düzəldildiyini qeyd etmişdik. Onu da deyimki, hələ təzəcə aşkar edilən zaman onun şimal ucu və cənub tərəfi səthində döyülüb hamarlanmış sahələr aydın görünürdü…

Onun qədim qobustanlılar, çox güman ki, 200-300 metr aralıdakı, ilk Tunc dövrünə aid «Dairə» yaşayış yerinin sakinləri tərəfindən qaldırılıb düzəldildiyi və musiqi aləti kimi istifadə edildiyi bizdə şübhə doğurmur.”

2018-10-24

Özbəkistanın mədəniyyət naziri Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub

Oktyabrın 24-də Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.

Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb. Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olunub ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

2018-10-18

Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu

Oktyabrın 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi ilə Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçdiyini dedi. Müstəqilliyin ilk illərində Azərbaycanın xeyli çətinliklərlə üzləşdiyini diqqətə çatdıran Vüqar İsayev bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli liderin yorulmaz səyləri nəticəsində qısa müddətdə cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginlik aradan qaldırıldı, dövlət quruculuğu işlərinə başlandı. Məhz həmin işlər Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.

Vurğuladı ki, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub. Digər sahələrdə olduğu kimi ölkəmizin mədəni irsinin qorunması sahəsinə də dövlət tərəfindən xüsusi diqqətlə yanaşılır. Tarixi abidələrin qorunması, təbliği və bərpası istiqamətində mühüm işlər görülür. Ölkəmiz Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bu gün UNESCO kimi mötəbər qurumda uğurla fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınmasına xidmət edir.

Mərasimdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova çıxış edərək müstəqillik günün əhəmiyyətindən danışdı. 27 il əvvəl qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu vurğuladı. Bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Eyni zamanda ölkəmizin mədəni irsinin qorunması və təbliği də daim diqqət də saxlanılır.

Könül Cəfərova vurğuladı ki, bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır.

Daha sonra ölkəmizin müstəqillik yoluna həsr olunmuş videoçarx nümayiş edildi.

Sonda qoruq ərazisinə ekskursiya təşkil olundu.