
Qobustanın Qədim dövr rəssamları
Qobustanın qədim dövr rəssamları qayaüstü rəsmləri yaratmaq üçün bir neçə üsuldan istifadə edirdilər. Çox vaxt petroqliflər hər hansı bir rəsmin konturları oyulmaqla hazırlanırdı.
Döymə və oyma. Ən qədim rəsmlər qaya səthinin bir və ya iki daşla dəlinməsi ilə hazırlanırdı. Daha sonra bu daşlardan biri iskənə, digəri isə balta daşı kimi istifadə edilməyə başlandı.
Nöqtələr və oyuqlar. Qədim dövr insanları tərəfindən istifadə edilən ən qədim texnikalardan biri “nöqtələr”in dəlinməsi ilə rəsmin konturlarının cızılması, daha sonra isə nöqtələrin oyma vasitəsilə birləşdirilməsindən ibarət idi.
Kontur-relyef. Bəzən rəssamlar yalnız konturları deyil, rəsmin bütün səthini oyur, beləliklə bir növ əks barelyef və ya kontur-relyef əmələ gətirirdilər. Kontur-relyeflərdə təsvirlər öz fonlarından dərində olur.
Cızma. Petrqolif sənətinin daha sonrakı dövrlərində rəssamlar cızma texnikasından istifadə edirdilər. Təsvirlərin cizgiləri daha dayaz, daha sərbəst olurdu. Nəticədə petroqliflər daha çox “eskiz” kimi görünürdülər. Qədim dövr rəssamları həm daşlardan, həm də daha sonra cızmaq məqsədilə metal alətlərdən istifadə edirdilər.
Hazır incəsənət. Bütün dünyada bir çox sahələrdə arxeoloqlar Qədim dövr rəssamlarının qayaların mövcud təbii xüsusiyyətlərindən istifadə etməklə təsvirlər yaratdıqlarını müşahidə etmişlər.
Piktoqraflar. Dünyanın bir çox məşhur qayaüstü rəsmləri qaya üzərinə rəng tətbiq edilməklə yaradılmışdır. Qobustanda azsaylı boyanmış rəsm və ya piktoqraf tapıntısı vardır. Lakin görünür, Qədim dövr rəssamları müəyyən petroqlifləri önə çəkmək üçün bəzən rənglərdən istifadə edirdilər. Qobustandakı nadir boyalı rəsm nümunələrindən birində maralı qovan bəbir təsvir edilib. Bu rəsm Böyükdaş Dağının yuxarı terrasındadır.
Üst-üstə düşmələr. Qobustanda insanların mövcud olduğu əsrlər ərzində Qədim dövr rəssamları bir neçə dəfə istifadə etdikləri üslubu dəyişmişlər. Onların öz sənətləri üçün bəzi qayalardan nə üçün təkrar-təkrar istifadə etdiklərini və öz petroqliflərini nə üçün köhnələrin üzərindən çəkdiklərini bilmirik. Ola bilsin ki, bunlar xüsusi əhəmiyyətə malik müqəddəs yerlər idi. Hər halda müxtəlif rəssamlar tərəfindən istifadə olunmuş üslubları bəzən eyni yerdə müşahidə etmək olur.