XƏBƏRLƏR

Özbəkistanın mədəniyyət naziri Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub

Oktyabrın 24-də Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.

Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb. Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olunub ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.